146532“Sanma bu  əsrdə hər  şey bitib nisyan  oldu”
 Güney Azərbaycan ədəbiyyatı və mətbuatı üzrə tədqiqatçı Pərvanə Məmmədli Mirzə İbrahimovun məşhur “Gələcək gün” romanının qəhrəmanı, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru Firudin İbrahimi haqqında yazını Moderator.az saytına təqdim edib:
“Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru olub. Çox  az  ömür  sürüb. Firidun İbrahiminin 1947 –cı ildə mənfur şah rejimi tərəfindən 28 yaşında edam olunub, dar ağacından asılıb.
 Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza Arif Səfa, Tariyel Ümid əsərlərindrə onun poetik obrazını yaradıblar.
Yazıda Firudin İbrahiminin qısa ömür yolunda gördüyü böyük işlər, bioqrafiyası, ictimai xadim, jurnalist və araşdırmaçı kimi fəaliyyətinə də toxunulub:
 
Dolaşarkən şimal  yeli,
Yurdun  qızıl  bayrağında,
Ellər ilə  od  yandırdın.
Babəkilər  ocağında.
Lakin  əfsus,  son ışıq  tək,
Söndün  həyat çırağında.
“Bu misralar tanınmış Güney  Azərbaycan  şairi Həbib  Sahirindir. ”Namurad Firudin  İbrahimiyə” adlı bu şeirin  altı  sətrinin hər misrasında bir tarix yatır, vətənsevər  və şərəfli bir mübarizin həyat yolları  işıqlandırılır. O Firudin İbrahiminin ki, Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuşdu. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri Nazirlər Kabinetini formalaşdıranda Firidun İbrahimini Azərbaycan Milli Hökumətinə baş prokuror təyin etmişdi.
İranda qədim tariximizə aid ana dilimizdə ilk əsəri yazmaq Firidin İbrahiminin boynuna  düşür. 26 yaşlı Firidun İbrahimiyə baş prokuror olmaqla yanaşı, ona “Azərbaycan tarixi” kitabının yazılması da həvalə olunmuşdu. Tehran Unversitetinin hüquq fakültəsini bitirən Firidun İbrahiminin gözəl  qələmi  və  jurnalistlik  təcrübəsi  də vardı. Hələ  tələbəlik illərində  yazdığı məqalələrini “Rəhbər”, “Mərdom”, “Ettelaat”, “Ajir”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” qəzetlərində çap etdirirdi. Hətta Təbrizdə İran Xalq Partiyasının orqanı “Xavəre Nov” qəzetinə redaktorluq da etmişdi. Azərbaycan tarixi kitabının yazılmasında fəal  iştirak  edən  F.İbrahimi  Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayır, Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri tərcüməyə başlatdırır.
. İbrahiminin bu kitabına gəldikdə isə bizlər öncə onun şərəfli adını, soyadını daşıyan, prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış, Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəxri əməkdaşı adına layiq görülmüş Firidun Ənuşirəvan oğlu İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir növ əsirlikdən qurtarıb Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı olub.
   F.İbrahimi Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan “Babəkilər  ocağında, ellər ilə  od  yandırıb”, “Babək” adlı könüllü dəstələrin təşkilatçısı olur.
Bu ictimau  xadimin, vətənsevər gəncin, istedadlı qələm  sahibinin fəaliyyəti İranla məhdudlaşmır.
26 yaşlı Firidun İbrahimi baş prokuror olmaqla yanaşı, “Azərbaycanın qədim tarixindən” kitabının yazılmasında fəal iştirak edir, Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayır, Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri tərcüməyə başlatdırır. Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan Babək adlı könüllü dəstələrin təşkilatçısı olur.
Firidun İbrahimininin fəaliyyəti İranla məhdudlaşmır. 1946-cı ildə Parisdə keçirilən Sülh Konfransında iştirak edir.
ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində “Azərbaycan” qəzeti nəşrə başlamışdı. Qəzetin səhifələrində ilk zamanlar farsca da məqalələrə yer verilirdi. Qəzetin yubanmadan nəşri məsələsini S.C.Pişəvəri ortalığa gətirmiş və az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistləri, yazıçı və şairləri toplaya bilmişdi. 1946-cı ilin dekabrında xarici güclərin yardımı ilə şah rejiminin əskəri birlikləri Azərbaycanın üzərinə yürüş edir. Azərbaycan Milli Hökumətinin rəhbərlərini və Azərbaycan Demokrat Partiyasının fəallarının bir qismini Sovet hökuməti Sovet Azərbaycanına gətirəndə Firidun İbrahimi gəlmir. Təbriz qan içində boğulanda Firidun İbrahimini və məsləkdaşlarının bir çoxu həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra 1947-ci il mayın 22-sinde Firidun İbrahimi, özü kimi başqa mərd vətən oğulları ilə bərabər Təbriz şəhərinin “Gülüstan” bağı”nda edam edilir.
 Həbib Sahirin yazdığı kimi Güney  Azərbaycanda,Təbrizdə “Babəkilər ocağında, məktəblərdə  ana dilin oxutduran  ustad olmasa da”onun özündən sonra izi,qəhrəmanlıq xatirəsi qaldı:
Nə ellərin  məktəbində
Kitabını  açan  oldu,
Nə  yazdığın qızıl  yazı
Rəvac  tapıb  dastan oldu.
Lakin sanma bu  əsrdə
Hər  şey bitib nisyan  oldu
Firidun İbrahim edam edilsə də, onu  sevən xalqın qəlbində yaşadı və ədəbi qəhramana çevrilib. Mirzə İbrahimov “Gələcək gün”, Xəlil  Rza “Hara gedir bu dünya?…”   Həbib  Sahir ” Namurad Firudin  İbrahimiyə” , Mədinə Gülgün “Firidun”, Fəthi Xoşginabi, Balaş Azəroğlu və başqaları  əsərlərində onun obrazını yaradıb”.
Araşdırmaçı alim orijjinal faktlarla dolu olan məqaləsində əsas diqqəti həm də Mirzə İbrahimovun “Gələcək gün” romanına ayırır. Əksəriyyət, baş qəhrəmanın adı elə Firudin olan bu romanı sevə-sevə oxuyub. Lakin obrazın həyatdakı prototipinin cəmi 28 yaşda edam edilən Firudin İbrahimi olduğunu bilməmişik. Pərvanə xanım İbrahiminin romandakı Firudinlə bəzi uzlaşmalarını aparır:
“M.İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edən “Gələcək gün” romanında Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatı bədii boyalarla göstərilir. Güney Azərbaycanı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi M.İbrahimova bu həyatı təsvir etmək imkanı yaradıb. Bu ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazların prototipini canlı həyatdan götürmək şansını da verib. Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir.
    Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri alovlu vətənpərvər, prokuror  Firudin İbrahimidir. Təbriz yaxınlığında, Azərşəhrdə anadan olan Firudin  hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır.
“Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə birbaşa səsləşdiyinə görə, bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur.
  Başqa bir müəllifin xalq  şairi  Xəlil Rzanın Cənubi Azərbaycanın dərdlərindən xəbər verən “Hara gedir bu dünya” poemasında  Firudin İbrahiminin qəhrəman obrazı ilə rastlaşırıq. Tarixlər boyu “Hara gedir bu dünya?…” problemi bir çox xalqların sənətkarlarını düşündürdüyü kimi X.Rzanı da narahat etmişdir. Bu əsər Azərbaycanı ikiyə bölən, onun Şimalını bir, Cənubunu başqa imperiyanın caynağına verən, Azərbaycan xalqını əslindən, kökündən, tarixindən, qədim ənənələrindən, mənəviyyatından ayırmaq üçün bütün vasitələrə əl atan qüvvələrə qarşı çevrilmişdir.
  Əsərin “Qalx ayağa Vətənim!” bölməsində böyük məslək və əqidə sahibi, Cənubi Azərbaycanın ilk demokratik hökumət qurumunun baş prokuroru, məhbus Firudin İbrahiminin tərtəmiz kostyum geyib, qalstuk bağlayıb edam olunacağı vaxtı gözləməsindən söz açılır. Ölüm qabağı Firudinin:
– Mənim eşqim, məsləkim günəş qədər təmizkən,
De, nə üçün ölümə miskin getməliyəm mən?
– deməsi onun əqidəsinin paklığını göstərir.
Əsərin sonunda müəllif Firudin İbrahiminin nəfəsindən, canından, iliyindən, qanından çıxmayan “dosta dayaq, düşmənə, yada qənim” olan:
Qalx ayağa, Vətənim!”
Qalx ayağa, Vətənim!”
-sözlərini bir daha xatırladır.
F. İbrahiminin “Azərbaycan  tarixi” yazıda adı gedən kitabına gəldikdə isə, bizlər öncə onun şərəfli adını, soyadını daşıyan, prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış, Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəxri əməkdaşı adına layiq görülmüş Firidun Ənuşirəvan oğlu İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir növ əsirlikdən qurtarıb Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı olub.
     Firudin  İbrahimi özündən sonra gələcək  nəsillərə bir qəhrəmanlıqla dolu bir iz,xatirə qoya bildi və yaddaşlara həkk olundu”.
Hazırladı: Elmin Nuri

 

Paylaş: