1461690636_settarZəmanə adamı olmaq hər kəsin işi deyil. Xüsusən də vəzifə sahibləri bu sarıdan əziyyət çəkirlər, desəm, yanılmaram. Bu çəkhaçək zəmanəsindən baş çıxarmağın özü əsl şücaətdir. Tanıyıb bilənlərin Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki kordioloji sanatoriyanın uzunömürlü baş həkimi Muxtar bəyi bu sarıdan nümunə seçmələri heç də təsadüfü deyil. Görünür, əvvəla diqqət çəkici adamdı.  İnsanlarla  sıx təmasda olur, xəstələrin nə çəkdiklərini, onlardan nə “çəkildiyini” ondan yaxşı çətin ki bilən tapıla. Ürək adamı, adamı özünə çəkir, axı. Muxtar bəy xəstələrlə yanaşı  kollektivin dərdini, qayğısını çəkməkdə də məharət sahibidir. Bəzilərinin isə zarafatla” Kişi nə çəkir?” , digərlərinsə “Elə demə, necə çəkir, de”, sözlərini eşidəndə xəfifcə gülümsəyir.  Hətta dərindən bir ah da çəkir. Zahirən həmişə qayğılı görkəmi ilə diqqət çəksə də, nədənsə bunu son vaxtlar  Respublika Həmkarlar Təşkilatının rəhbərliyinin neqativ hallarla mübarizədə daha qəti mövqe tutması ilə əlaqələndirənlər də az deyil. Bəziləri deyir ki, baş həkimin başına daha sığal çəkən olmayacaq, Muxtar bəyin baxışları ciblərdən çəkilib üzlərdə donub qalacaq. Arada “Muxtar bəyin çəkdikləri ondan çəkdiklərinin yanında xırda şeydi”, deyənlər də tapılır. Rəhmətlik uşağı, elə bil nuh əyyanında yaşayırlar, vəzifə sahibi olmaq asan məsələ deyil. Təkcə sən kimdənsə nəsə çəkmək, qoparma barədə düşünmürsən, səndən nəsə çəkmək istəyənləri də nəzər-diqqətdə saxlayıb görüm-baxım edirsən. Bəzən adamı qəşş edib gülmək dərəcəsinə çatdıran söz-söhbətlər də eşidirsən. Necə yəni baş həkimin sanatoriyada “kirayəşinləri” də az deyil.” Levi”, “pravı” əl altından işlər görür. Ə, heç insafınız yoxdu?  “ Kvartirant” saxlayana  oxşayır  Muxtar bəy? O  ki, öz işini bilən adamdı, belə hallara yol verməsinə heç inanmağım gəlmir.

Yox, yox, baş həkimin yaş qayğısı – filanı da yoxdur. Onun da özünə görə “çəkməli”, həm də çəkməli dərdləri var. Bəzən də  onu kabinetində, yolda, həyətdə tüstü-duman içində görənlər maraqdan özlərini saxlaya bilmir, həm də bic-bic gülümsəyərək “görəsən kişi nə çəkir? deyə pıçıldaşırlar” Adama deyərlər əşi, sənə nə çəkir, nə çəkmir. Bahalı, ya ucuz siqardı, papirosdu, qəlyandı, nə  zəhrimardı, daha nə bilim  nədi, özü bilər. Canına dərd çəkir. Kişinin bəlkə bir problemi, dərdi filanı var. Vəzifəsindən göz götürməyən, ondan göz çəkməyən bədhaxları da ola bilər. İntəhası başa düşən yoxdu ki, təkcə təqaüd onu özünə heç vəchlə çəkə bilməz. Çəkdiyi planların baş həkimi uzun illərdən bəri gözə görünməz etməyi məharətlə bacardığını yaddan çıxarmaq olmaz.

 

P.S. Yaxın günlərdə Bilgəh Kardioloji sanatoriyasında dövlət nəzarətindən kənarda olan və şəxsən Muxtar Əhmədova məxsus iaşə obyektlərinin sayı ilə gəliri barədə dəyərli oxucularımızı məlumatlandıracağıq.

Paylaş: