888Son günlər ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Bölgələrdə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Belə ki, ötən həftə İsmayıllıda müşahidə olunan güclü külək və leysan nəticəsində şəhərin özündə və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Şamaxıda da güclü yağış fəlakətlə nəticələnib. Belə ki, əvvəlcə rayonun dağlıq ərazilərinə dolu düşüb, sonra küləklə müşahidə olunan leysan yağışı yağıb.

Pirsaat, Ağsuçay və Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb. Rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb.

Tanrıverdi Mustafayev ile ilgili görsel sonucu

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, hadisə nəticəsində zərər görmüş elektrik xətləri bərpa olunub: “Elə sel baş verən günün səhəri işlərə başlanılıb, bütün xətlər qısa bir zamanda bərpa olundu. Əsasən İsmayıllı rayonu və Qax, Qəbələ ərazisində elektrik xətlərinə ziyan dəymişdi. Onların da hamısı qeyd etdiyim kimi, bərpa olundu və elektrik enerjisinin verilişində heç bir problem yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın bəzi çaylarında sululuq artıb, bildirilib ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir. Departamentdən bildirilib ki, mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub.

Yuxarıda da qeyd etdiyimiz kimi hadisələr nəticəsində kənd təsərrüfatı məhsullarına da ciddi ziyan dəyib. Ümumiyyətlə, tez-tez baş verən təbii fəlakətlər zamanı əkinçilər ciddi ziyan görürlər.

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, dünya ölkələrində kənd təsərrüfatının subsidiyalaşma yolu ilə sığortalanma praktikası mövcuddur:

“Doğru olan da elə budur. Çünki kənd təsərrüfatı kifayət qədər riskli sahə olduğu üçün sığorta şirkətləri riskin hamısını öz üzərilərinə götürmək istəmirlər. Dövlətdən kifayət qədər subsidiya olmasa, sığorta şirkətləri ya qiyməti çox baha təyin edirlər, ya da tamamilə imtina edirlər. Qiymət baha da olanda kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu ödəyə bilmirlər və ciddi problem yaranır. Nəticədə bir hadisə baş verəndə hər kəs dövlətdən kömək gözləyir. Dövlətin də hansısa ehtiyat fondu yoxdur ki, bu işlə məşğul olsun. Ona görə də məsələnin ən sivil yolu dövlətin dəstəyi ilə kənd təsərrüfatı üzrə sığorta fondlarının yaradılmasıdır. Yaxud da bu gün fəaliyyət göstərən sığorta şirkətləri ilə dövlət zəmanəti olmaqla müqavilə bağlamaq mümkündür. Bu, ən effektiv yoldur. Qonşu ölkələrin əksəriyyətində də bu praktikadan istifadə edirlər. Məsələn, Türkiyədə kənd təsərrüfatının sığortası ilə məşğul olan şirkətlər fermerlərin ödədiyi qədər də dövlətdən subsidiya alırlar. Bu zaman da sahədə məşğul olan sığorta şirkətlərinə stimul yaranır. Belə stimullaşdırıcı addımlar olmasa kənd təsərrüfatının sırf kommersiya məqsədilə sığortalanması ləngiyəcək və mümkünsüz olacaq”.

Anar Hüseynov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, İsmayıllı rayonunda 26 may 2018-ci il tarixində gecə saatlarından başlayan və 27 may günorta saatlarınadək davam edən güclü küləklə müşayiət olunan leysan yağışlarının təsiri nəticəsində 480 ha arpa, 210 ha buğda sahəsi yerə yatıb:

“Sahibkar Əliyev Elyas Şahvələd oğluna məxsus 47 baş xırda, 3 baş isə iribuynuzlu mal-qaranı sel suları aparıb. Bu kimi hallarda rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakət nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, təsərrüfatlara baxış keçirilir, dəymiş ziyan müəyyənləşdirilir. Təəssüf ki, təsərrüfatlar fərdi və özəl olduğu üçün dövlət tərəfindən onlara zərərin ödənilməsi mümkün deyil. Yalnız sığorta olunan təsərrüfatlar dəymiş zərərin əvəzini ala bilərlər. Bu səbəbdən də bizim yerli idarələrimiz kənd təsərrüfatı məhsullarının vaxtında sığortalanması üçün istehsalçılar arasında mütəmadi təbliğat və maarifləndirmə işləri aparır. Aqrar sığortanın inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas prioritetlərdəndir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aqrar sığorta mexanizminin hazırlanması ilə məşğuldur. Azərbaycanda Türkiyənin TARSIM modelindən istifadə etməyə qərar verilib. İlin sonunadək Azərbaycanda Aqrar Sığorta Fondunun yaradılması nəzərdə tutulub. Həmin fond tərəfindən icraçı sığorta qurumu müəyyən olunacaq. Əminik ki, bu yeniliklər həm sığorta şirkətlərinə, həm də fermerlərə aqrar sığortadan faydalanmağa imkan verəcək”

Paylaş: